Son Xəbərlər
•Donald Tramp İrana təşəkkür etdi •İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi •İlham Əliyev qanun imzaladı •AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub •Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”
NEWSBAKU.AZ
|
Cəmiyyət

Baş nazirdən Xəzərlə bağlı QƏRAR

15 April, 2026 17:49 0
Paylaş:
Baş nazirdən Xəzərlə bağlı QƏRAR

Nazirlər Kabineti Xəzər dənizinin ölkəmizə məxsus bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bunun 9,08 hektarı sahilboyu zolağın altında, 46 hektarı isə su akvatoriyasında yerləşir. Sənədə əsasən, sahilboyu əraziyə bitişik iki süni torpaq sahəsi yaradılacaq. Bu sahələrdən biri düzbucaqlı, digəri isə gəmi formasında olacaq. Qərarda qeyd olunub ki, tikinti işləri başa çatdıqdan və obyektlərin istismarına icazə verildikdən sonra həmin ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ediləcək. Eyni zamanda, yaradılacaq süni torpaq sahəsi inzibati baxımdan Sabunçu rayonunun Nardaran qəsəbəsinin ərazisinə daxil ediləcək. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrılmış torpaq sahəsi üzrə icarə hüququnun dövlət qeydiyyatına alınması və bu məqsədlə “Nardaran İnvest” MMC ilə müvafiq müqavilənin bağlanması təmin ediləcək. Tikinti işlərinə icazə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq veriləcək. Qərarın icrası ilə bağlı məsələlərin həlli müvafiq dövlət qurumlarına tapşırılıb.

News Baku.az